Qorxulu müqəddəs ailə sistemi
Ailə, ocaq özümüzü bütün təhlükələrdən qorumaq üçün
sığındığımız müqəddəs yerimizdir. Amma
böyüdükcə biz qaçmaq istəyirik. Valideyinlərimizin bizə qarşı münasibəti bizi
sıxır. Bizi fərd kimi görməməsi, öz tabeliyində bir idarə etdiyi sistem kimi
yanaşması yeni aqresiyalara yol açır. Bütün bunlara rağmən biz etiraz etmədən
asılı bir ömür keçirməyə razılaşa bilirik. Hər bir etirazımız bizə ağır başa gəldikcə sonrakı etirazların ölçüsü
azalaraq sonra etiraz hissimiz yoxa çıxır. Biz səhv edə bilmərik, olmaz. Səhv və
etiraza valideyinlərimiz bizə qışqıraraq və ya döyərək reaksiya verib. Ancaq
filmlərdə görürük ki, əslində səhv edən uşağı döymürlər ona izah edirlər, onu şəxs
kimi şöhrətləndirib onunla söhbət edirlər. Hətta məktəbdə müəllimlərimizdə
valideyinlər kimi davranır, çünki onlarda elə bizim icmanın bir üzvüdürlər, bizdən
biridirlər. Sonralar bütün başqa institutlara qarşı bizdə etiraz qorxusu yaranıb
və tələb etməkdən qorxmuşuq. Edəcəyimiz səhvin bizə gətirmiş olduğu zərər heç
vaxt hesablanmırdı, əsasən valideyinin bundan almış olduğu narahatçılıq və əsəbinin
xərclənməsi daha çox önə çəkilirdi. Uşaq olduğumuz üçün ayağımız sürüşüb
yıxılırdıq, çünki daha uşaq olduğumuz üçün nə qaçış məsafəsini nə də təhlükəni
ölçə bilmək zehniyyətinə hələ malik deyildik. Dizlərimiz yaralananda hələ
üstündəndə bir qappaz yeyib, bundan da yetinməyib “şilsən yoxsa kor” sözüdə
bizdə zəifliyimizə boyun əyməyi aşılayırdı. Heç bir hərəkətimiz valideyin üçün
baş aşağılığı gətirməməli və yaxınlar yanında onların başı daima dik durmalı
idi. İstək, hiss və arzular sadəcə söz olaraq qalmışdı. Artıq böyüdükcə
qorxuları başqa şeylər əvəz edirdi. Biz qorxduğumuz üçün yalançılıq öyrənirdik.
Cəza almamaq üçün heç kim üçün lazım olmayan fərdi xarakterimizin korlaşması
daha münasib idi. Baxmayaraq 15 yaşa çatırsan amma özəl günlərdə içkini stol
altında içməyə, rəqsi işıqları keçirib etməyə məcburluq yaranmışdı. Və bütün
bunlar üçün hər kəs biri birini tənbeh edirdi. Onsuz da kimsə bu haqqda danışa
bilməzdi çünki hər kəs eyni cəza ölçüləcəkdi. Və artıq azad həyata addım atanda
etirazlar bu kimi hadisələrdən yaranaraq əxlaqsızlığa yol açır. İçki içmək,
açıq saçıq geyinmək bir azadlıq simvoluna çevrilir. Həyat qadını olmaq, azad
seks feministlik kimi çatdırılır. Cəmiyyətdə qadın kişi nifrətləri yaranır. Ancaq
bunlar bizim qorxularımızın səbəbi üzündən yarandığını heç bir şəkildə etiraf
edə bilmirik. Əslində feminizm kişilərə nifrət yox bərabər hüquqluluq tələb
edir. Biz adətlər yaratmışıq və bu adətləri özümüz üçün müqəddəsləşdirib ailə
qanununa çevirmişik. Heç bir şəkildə bundan çıxmağa curət edə bilmirik, əgər
bunu bacarsan sən təklənirsən və bütün böyük kütlə sənə qarşı vuruşmağa
başlayır, artıq bu vuruşu sona qədər çatdırmağın sənin gücündən asılıdır. Əgər
bu özümüz qurub yaradıb müqəddəsləşdirdiyimiz adətlərdə yenilik etməsək o zaman
bizdə sabah öz uşaqlarımıza elə öz valideyinlərimizin bizə davrandığı kimi
davranacağıq, bu artıq bir psixoloji vərdişə çevriləcək, bizim içimizdə yığılıb
qalmış qorxu, nifrət, etiraz hamısı öz qarşımızdakı kiçik insanlara (uşaqlara)
tuşlanacaq və beləliklə biz zorakılığı qoruyub saxlayıb daima gələcək nəsilə ötürəcəyik. Bizim aldığımız təhsil belə bizi xilas edə bilməyəcək əgər bu düşünülmüş zorakı adətlərə qarşı çıxmasaq. Əgər bacarmasan, o zaman özünüzü adətlərə qurban edərək xoşbəxt olun!
Comments
Post a Comment