SAĞLAM CƏMİYYƏT
Erix Fromm “Sağlam cəmiyyət” adlı kitabında cəmiyyətin mədəniləşməsi və sonda sağlam bir cəmiyyətə
çevrilməsi üçün çox maraqlı məqamlara toxunub. O, hesab edir ki, sağlam cəmiyyət
üçün mütləq iki məqam var: 1. “Müstəqil insan”; 2. Tənqidi fikrə malik insan.
Qərbin özünün fərqli və mütəşəkkil bir inkişaf
platforması olub. Bu inkişaf mərhələsinə gələnə kimi, təbii ki, uzun bir yoldan
keçib. O sistemi oradan götürüb burda birbaşa tətbiq etmək heç də asan başa gələcək
bir proses deyil – əgər biz etiraf etsək ki, hər bir cəmiyyət öz mental dəyərləri
ilə icma və ya cəmiyyətlərə çevrilib. Hər regionun özünəməxsus insanları,
qaydaları, tələbləri var. Bu tələblərə ancaq mədəni insan olaraq nail olmaq
mümkündür. Mədəni insana kimi isə təhsilli fərd əsas önəmli mənbədir. Bəs bizim
sağlam cəmiyyətimiz hardan necə başlamalıdır?
Gəlin etiraf edək ki, bizim ailələrdə uşaq tərbiyəsi
üçün bir proqram yoxdur. Uşaq tərbiyəsi onu qorxu altında böyüdərək pis vərdişlərə
qoşulmaması üçün tənbehlərlə davam edən uzunmüddətli prosesdir və valideynlər
bu prosesin əsas aparıcı obyektini məktəb və orada çalışan müəllim komandasını
hesab edir. Yəni bu işlə müəllimlər məşğul olmalı. Məktəb həm təhsil, həm də təlim-tərbiyə
işlərində öz vəzifəsini yerinə yetirməlidir. Yenə ikinci sual, bəs bu gün məktəb
və müəllimlər bu standarta cavab verirmi? Bu, bir az qəliz və mübahisəli məsələdir.
İlk öncə müəllimlərin yaş kateqoriyası buna imkan
vermir. Sovet təhsilli müəllimlər, bununla bitməyərək sadəcə bir sistem tanıyan
və o sistemə tabe olmağı öyrənmiş kütlə. Uzun müddət o sistem altında yaşamaq
artıq qana kimi hopmuşdur. Bəlkə də hazırda təqaüd yaşına çatan müəllimlər gənc
kadrlardan daha savadlı ola bilər, amma məsələ bundan ibarətdir ki, onların
düşüncələri, həyat tərzləri müasir təhsil sistemini nə qəbul edə, nə də qavraya
bilir. İlk öncə buna yaş təsir edir, yaşlandıqca təbii proses olaraq insanın zehni
də zəifləməyə başlayır. Müasir təhsil sistemi nəzəriyyədən çox praktikaya önəm
verir və bu da öz-özlüyündə operativlik və kreativlik tələb edir. Yeni müasir tətbiq
yalnız gülüşə səbəb olur. Bu standart, təəssüf
olsun ki, yoxdur.
İkinci məsələ isə təlim-tərbiyə məsələsidir. Yeni nəsil
fərqli üslubda böyüyür, o internet zəmanəsində yaşayır və informasiya, proseslər
ona tez gəlib çatır. Məktəb və məktəbdə olan diktator rejimi onu sıxır, onun
azad fərd kimi inkişafına mənfi təsir göstərir. Valideyn öz uşağının təlim-tərbiyəsini
və təhsilini tamamilə müəllimə həvalə edir və birbaşa məsuliyyət müəllimə
ötürülür. Bu artıq o deməkdir ki, uşaq müəllimdən şikayət edə bilmir, mövcud məhdudlaşmaya
zaman-zaman öyrəşməli, alışmalı və sonda tamamilə tabe olmağa kimi gedib çıxır.
Məktəb nəticədə müstəqil və tənqidi fikrə malik insan yetişdirə bilmir.
Məktəb elm ocağından daha çox özünü xilas etmə müəssisəsinə
çevrilib. Məktəb bir qazanc mənbəyinə çevrilib. Direktor orada çox qalmaq üçün
diktator rejimi tətbiq edir, müəllim də daimi işləmək üçün tabe olma rejimini
seçir. Müəllim əgər ora prioritet olaraq qazanc kimi baxırsa, sadəcə işinin
kiçik hissəsi kimi başdansovdu təhsil verirsə, artıq bu, geniş axsaqlığa gətirib
çıxarır. Bu da öz-özlüyündə sağlam varlığın yaranmasına və bu varlıqların
sağlam cəmiyyətə çevrilməsinə imkan vermir. Məktəb müstəqil bir müəssisə
olduğunu dərk etmir, bu, azərbaycanlı olaraq bizim irrasional cəmiyyət
olmağımızdan irəli gələn bir məsələdir. İdarə etməyi deyil də, idarə edilməyə
yönəlmiş bir cəmiyyətik. Bu faktor da bu prosesə mənfi təsir göstərməyə malik ən
önəmli amildir. Asılı, tabe olan, idarə edilən, yeniliyə açıq olmayan bir müəssisə
bizə sağlam cəmiyyət olmağımız üçün bütün yolları ilk başdan bağlayaraq, məişət
xalqları kimi yaşamağa davam etməyə məcbur qalmış koranə bir cəmiyyətin lal,
kor fərdləri olaraq sadəcə yaşamalı olduğumuz üçün yaşamaq məcburiyyətində
qalaraq bir ömrü məişət problemlərinə qurban verərək yaşayırıq.
Başqa qeyri-Azərbaycandilli məktəblərdən müstəqil fərd
çıxa bilir, amma bizdə bu alınmır. Başqa müəssisələrdə tənqidi fikrə malik olan
müəllimlər var, amma bizdə mümkünsüzdür. Təbii ki, insanın təbiətdən ayrılaraq
dünyaya hegemonluq etməsinə qədər çox uzun illər keçib və uzun illərin sonunda
irrasionalıqdan xilas olmuş yeni kateqoriyalı nəsil yetişməsi ümidi ilə.
Samirə
BAYRAMOVA
"Yeni Yol"
Comments
Post a Comment