Dəyişən zamanda dəyişməyən "ev" günlərindən


Virusa görə uşaqlar onlayn təhsilə keçiblər. Hər gün valideyn, şagird və müəllim şikayətləri eşidirəm. Valideyn uşağına kömək edə bilmir, müəllim yeni sistemə alışa bilmir, şagird də bunları ortaq məxrəcə gətirib dinləyib susmağa qərar verir. Həmişə olduğu kimi, təhsil heç də maraqlı hadisə deyil. Kimi üçün öhdəlik, kimi üçün məcburiyyət, kimi üçünsə vaxt keçirməkdir. Mən məktəbdə oxuyanda dərslərimdə çətinliyim olurdu. Baxmayaraq hər iki valideynim ali təhsilli idi, eyni zamanda əmilərim və qonşularım, amma onlar üçün mənə dərsimdə köməklik etmək ağır işgəncə idi. Atam işləyirdi və yalnız pulun keçərli olacağı yerlərdə dəstək ola bilirdi. Məsəlçün, müəllimə hədiyyə göndərmək üçün pul verə bilərdi və ya alternativ üçün təklif gözləyərdi. Anam isə ev işlərinə o qədər aludə olmuşdu ki, mənə ayırmağa vaxtı yox idi, öz ağır işlərindən səs-küylü, detallı o qədər danışardı ki, eşitməmək üçün geriyə addımlayardım Özümü biləndən həmişə evimizdə usta işləyib, təmir işləri gedib. Evimizin təmirli olması, qapı bacanın daima təmizliyi mənim təhsilimdən öndə dururdu. Həmişə tez durub işləmək lazım idi ki, birdən evə kimsə gələr və görərdi ki, ev səliqəli deyil. Mən isə kitab dəftərim əlimdə həmişə hər üz tutduğum adamdan üzü qara geri dönərdim.
Həmişə hər kəsin özünə görə başqa çox vacib səbəbləri vardı, amma bunların içində heç bir vaxt özləri yox idi. Bütün bu mənasız bəhanələrdən yoruldum və öz otağıma çəkilib, məcbur çox oxumağa başladım. Bu bir müddət məcburiyyət, sonra isə alışqanlıq və marağa səbəb oldu. Bir sözlə mənə kömək etməyən hər kəsdən incimişdim. Sonra bütün uşaqlıq həyatım məktəb və kiçik otağımdan ibarət oldu. Ətrafımda olan yaxınlarımla münasibətim sıfıra endi, insanlarla şifahi ünsiyyəti yadırğadım. Məktəbin son illərində yay tətilində Dmanisiyə dağa getmişdik, bir aydan artıq orada qalmışdıq. Ora getməyə səbəb isə heribari düzəltməyim idi. Müəllimizin tapşırığı idi. Eyni zamanda kitablarda şəkillərdə gördüyüm dağların həqiqi rəngini, suların şırıltısını, günəşin dağın arxasından çıxmasını, uzun boşluğu, yaşıl çölləri öz gözlərimlə görüb hiss etmək istəmişdim və bütün bunların fonunda mən yaxın qohumlarımla tanış oldum, ilk dəfə xalam uşaqları, bibim uşaqları ilə tanış oldum.
Evdə qal! Evdə qaldığım bu karantinli günlərdə 15-20 ilin hadisələri sanki yenidən baş verirdi. Həmişə zəmanə dəyişir deyirik, amma insanlar və onların vərdişləri heç zaman dəyişmir. Hətta indi sanki həyatın və yaşamın sonuna gəldiyimiz bir nöqtədə belə insanlar yenə özləri üçün bir şeylər etmir. Fərq etməz hansı şəraitdə olur olsun, sadəcə yaşamaq lazımdır, bunun üçün hər şey etmək olar. Başqalarını məhv edib yaşamaq da olar, başqaları üçün də. Bu günlərdə elə mənim kimi əlində kitab dolaşan uşaq var, bilmirəm tale onu hara necə aparacaq...
Mənim özümündə indi sanki kiməsə dərs keçməyə səbrim çatmır, yaşadığımız sosial və mənəvi sıxıntılar bizi də bizdən əvvəl yaşamışlar kimi yaşadır, yeni təcrübə yoxdur, çünki eyni düşünən, danışan, hərəkət edən toplumda biz özümüzdə bir bütünlüyə çevrilmişik. Yaş keçdikcə, arada imkan olub güzgüdə durub baxdıqca artıq üzümün bir yerlərində hamıdan olan bənzərliklər görürəm.
Ya burda qalıb hamı kimi olursan, ya da qaçıb özün kimi bir yerlərdə qalmalısan... Bizim ətrafımızı dəyişməyə çox da böyük gücümüz yoxdur, çünki biz də onlardan yaranmışıq

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!