Keçmişlərimiz

 Bu gün qərara gəldim ki, evə gedim bir az dincəlim və indi yazacağım hadisə haqqında daha geniş yazım və birdə baxdım ki, bu gün kəndimizdə hadisəyə yaxın hadisə baş verib.

Bir məsələ ilə bağlı təsirlərin qiymətləndirilməsi üzrə araşdırma aparmalıydım və müsahiblərim içində təsadüfən bir adam tanış gəldi və bu adam 19 il bundan əvvəl 14 yaşlı məktəblini qaçırtmaq üçün bir çox cəhdlər etmişdir və təsadüflər nəticəsində o uşaq xilas olmuşdur.
7-ci sinifdə oxuyurdum. Başqa uşaqlar kimi indi mənim də növbəm gəlmişdir. Mənim də qaranlıq günlərim başlamışdır, mən gələcək üçün xəyallar qurarkən kimlərsə mənim gələcəyimi əlimdən almaq üçün xəyallar qururmuş. Cümə axşamları bizə qəribə qadınlar gəlməyə başlayırdılar, bu qadınlara yox cavabı veriləndən sonra məktəbimizin və məhləmizin yollarında içi qara gədələrlə dolu qara maşın peyda olmağa başladı. İki ay məktəbə getmək problemim yarandı və sonra iki kilometrlik yolu getmək üçün əlavə maşın tutulması qərarı verildi. Bütün sinif yoldaşlarım məsələni bilirdi, sinif otağının pəncərəsindən həmin adamları görürdük və bütün dərs boyu məni qara vahimələr bürüyürdü, onlar məktəbə və maşına hücum etsə məni kimsə xilas edə bilərdimi? Ola bilərdimi ki, birdə bu sinif otağına qayıtmayım və məktəbə və gələcək xəyallarıma vida edim?
Bir neçə dəfə ani bir hadisələr məni vəhşilikdən xilas etmişdir, hətta onlar bir gün evdə kimsə olmayanda evimizə daxil olmuşdular və mən harada gizlənəcəyimi bilməyib mətbəxin su bakının içinə gizlənmişdim, noyabr ayı idi və su kifayət qədər soyuq idi amma mən o soyuğu heç hiss etməmişdim, ürəyim yatıb ölsəm belə kimsə məni günlərlə tapa bilməzdi.
Və... 19 ildən sonra bu tanımadığım və heç vaxt görmədiyim adamın üzünə baxmaq istədim, sadəcə üzündəki cizgiləri oxumaq istəyirdim, görəsən indi bu adam 14 yaşlı məktəblini qaçırtmaq üçün peşmançılıq çəkirdimi və ya xatırlayırdımı?
Peşmanıydımı? Yox deyildi...
19 il sonra onun həyatını məhv etmək istədiyi bir uşaq indi uğurlu bir qadın kimi onun qarşısında dayanmışdır.
İllər keçib amma insanlar hələ də başa düşə bilmirlər ki, kiminsə həyatının istiqamətini dəyişmək və onun bütün xəyallarını və arzularını puç etmək onun haqqı deyil.
Sonra iş yoldaşıma bu hadisəni danışdım və üzərindən zarafat etdim ki, o hadisə baş versəydi mən indi yanımda 2 və ya 3 uşaqla sizə çay süfrəsi açardım və hətta sizin nə danışdığınızı nəyə gəldiyinizi belə anlamazdım, heç sizin yanınızda oturmaq imkanı da verilməzdir, bəlkə də heç kənar şəxslərin qarşısına çıxmaq fürsətim də olmazdı, bəlkə də üzümdəki izlərdən özüm insan üzünə çıxmazdım amma pəncərədən baxıb xeyli için - için ağlayardım, ona ağlayardım ki, mənim gələcəyim o idi amma indi budur deyə, çox şadam ki, bu olmayan bir xəyalı kiminsə qurmasına həyatım bahasına başa gəlsə belə izn vermədim!
Bu həyatı kimsə bu gün mənə hədiyyə etməyib, bu illərin arxasında zəhmət, ümidsizlik, yalnızlıq, çarəsizlik mübarizələr, acılar, ağrılar, göz yaşları var
Sizin həyatınızı əlinizdən almaq fürsətini əsla və əsla kimsəyə verməyin, xəyallarınızdan və arzularınızdan keçməyin, onları siz yaradın və siz yaşayın!

Comments

Popular posts from this blog

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

დაუწერელი წარსული

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!