Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...!

 Marneuli Bələdiyyə Meri Kənan bəyə açıq məktub...!

Artıq illərdir Kvemo Kartli bölgəsində xüsusən də Marneulidə azərbaycanlıların kimlik, mədəniyyət və bərabərlik məsələləri ciddi problem kimi qeyd olunmaqdadır.
Təssüflər olsun ki, istər mərkəzi istər yerli hakimiyyət etnik azlıqlarla bağlı qəbul etmiş olduğu beynəlxalq müqavilələrdəki maddələri yerinə yetirmir və öz aktiv siyasətinin tərkib hissəsinə qatmır.
Şəxsən bir Marneuli sakini olaraq öz mədəniyyətimi, kimliyimi qorumaq üçün Marneuli Bələdiyyəsinin büdcəsindən yararlana bilmirəm. Ətrafıma baxdığım zaman etnik kimliyimi xatırladan və əks etdirən bir şey görə bilmirəm. İcmalardakı mədəniyyət evləri bir neçə il sonra baxımsızlıqdan torpağa qatılacaq, normal vəziyyətdə olanları da çayxana və anbar kimi istifadə olunur. Doğurdanmı azərbaycanlı icması bu təhqirə layiqdir? Mən başqa millətlərə aid olan mədəniyyət evləri haqqında danışmıram çünki onların belə problemi yoxdur. Onların kəndlərində konsertlər, poeziya gecələri keçirilir, rəqs qrupları fəaliyyət göstərir. Marneuli əhalisinin 85% - ni azərbaycanlılar təşkil edir, mənim ödədiyim vergim niyə mənə xərclənmir? Bu cinayət deyilmi? Bəli cinayətdirsə, sizlərdə buna ortaqsınız! Mərkəzdə olan mədəniyyət evində azərbaycanlılar üçün nə bir rəqs, teatr, yaradılıq kursları var. Əvvəl bu fəaliyyətlə Azərbaycan dövləti məşğul idi, indi oradan gələn turpanın ağzında da siz oturmusunuz, maşallah!
Burada yaşayan uşaqlar, gənclər neynəməlidir? Onlar 21-ci əsrdə kəndləri və bələdiyyə arasında 15 km-lik məsafəni qətt etmək üçün ictimai nəqliyyatdan yararlana bilmir. Niyə yalnız bir neçə seçilmiş kəndə hamımızın vergisini ödədiyimiz nəqliyyat axşam saat 8-ə kimi davam etməli bizüm üçünsə saat 2 və 8 saatlarında? Bu nə qeyri-bərabərsizlikdir? Mən etnik zəmində nifaq salmıram, mən haqqımı tələb edirəm!
Xaricdən və Gürcüstanın regionlarından qonaqlarımız gəldiyi zaman onlara öz mədəniyyətimi, incəsənətimizi şəkil və video üzəridən göstərmək məcburiyyətindəyəm. Bu kimi hadisələr diktator rejim altında yaşayan və assimilasiyaya məruz qalan icmalara xas olan bir haldır. Amma indi bunları biz də canlı yaşayırıq. Nəzərinizə çatdırım ki, meriyanın yanında 30 kv-lıq funksiyasız şüşə bina var, bəlkə bir jest edib sizsə orada xalça muzeyi açasınız? Sizdən əvvəl iki nəfər söz vermişdi də bəlkə ataların 3 dəfə deməyi bu işi hasil edə.
Təbii ki, mümkündür bu dediklərim sizi narahat etməyə bilər. Amma narahat etmək məcburiyyətindədir, çünki siz əyləşdiyiniz kreslo azərbaycanlı kvotası üçün müəyyən olunub və nə meriya, nə parlament sizə dədələrinizdən miras qalmayıb!
Niyə bir sakin olaraq daima deməliyəm ki, burda səhvlik var onu düzəldin, içməli suyum yoxdur təşkil edin, gürcü dilini bilməyənlər üçün iki dilli xidmət göstərin, bizim gənclər və şagirdlər üçün də sosiallaşmağı üçün imkanlar yaradın, kəndlərdə torpaqdan qazanacağı məhsulunun ümidinə yaşayan insanlara su çəkin, işə gələnə kimi təpədən-dırnağa palçığa batırıq bizə yol düzəldin, idman məktəbləri tikin, məktəblərimizi təmir edin, bizimlə vətəndaş kimi davranın nifrət dilindən istifadə etməyin?
Sizlər təbii ki, son model maşınlarınızdan bu sadaladıqlarım problemləri hiss etməssiniz. Merkuri çayxanasına kimi, burada yaşayan insanların səsləri gedib çıxa bilməz ki?!
Biz sizdən azərbaycanlı olaraq bu icmaya daha çox diqqət göstərməyiniz deyil, hər bir sakin üçün bərabər imkanlar yaradılmasını tələb edirik!
Bağışlayın, həmişə deyirsiniz biz sizin başınızı ağırdırıq başqaları yox, bəlli haqlısan çünki başqalarının baş ağırtmaq üçün bizim kimi problemləri yoxdur!
İlin sonu yaxınlaşır. Eyni zamanda 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günüdür. Mənim və sizin üçün 1 yanvara kimi hələ 31 dekabr bayramdır. Ümid edirəm ki, nə vaxtsa bu günü yeni ildən ayrı bir gün kimi qeyd etmək qisməti bizlərə nəsib olacaq. Bu arada dünən bələdiyyənin işıq yandırma mərasimini izlədik, bir insan öz ana dilindən siyasi və ictimai olaraq çəkinib imtina etməməlidir. Ana dili sənlə məni, sənlə bizi birləşdirən yeganə dəyərimizdir! Bundan başqa indiki halda belə ortaq dəyərlərə sahib deyilik!
Mən ümid edirəm ki, mənim nə demək istədiklərim ortaq dəyərlərimizdən irəli gələrək sizləri az da olsa narahat edəcək, əgər hesab edirsiniz ki, bu addımlarınız üçün sizə sistem problem yarada bilər biz bu addımlar atılanda arxasında durmağı da bacararıq əgər ki, sizdən əvvəlkilər kimi qaçıb gizlənməsəniz (gədəni nəzərdə tuturam).
Marneuli Bələdiyyə Meri kimi siz əvvəlcədən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə Təbrik Edirəm!

Comments

Popular posts from this blog

დაუწერელი წარსული

Səyahət etmək istəyənlərə kiçik tövsiyyələr

Nərimanova gələcəkdən məktub! Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov!